Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010- cu ilin 22 iyulunda Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi ( ölümündən sonra) barədə sərəncam imzalamışdır. Dövlət başçısının həmin gün imzaladığı başqa bir sərəncam isə Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsidir.
29 sentyabr 2010-cu ildə Biləsuvar şəhərindəki Lisey- Məktəb Kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilmişdir. Kompleksimiz 18 oktyabr 2010-cu ildən fəaliyyət göstərir. Bu təhsil müəssisəsi öz fəaliyyətində şagirdlərə milli və bəşəri dəyərləri, vətəndaşlıq şüurunu aşılamaq , hər şagirdin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək , liderlik keyfiyyətlərini təlqin etmək və s. kimi dəyərləri əsas götürür.
Cəmiyyətin yüksək savadlılığı ölkənin inkişafının təməl sütunlarından biridir. Belə bir dəyərin formalaşmasında əsas məsuliyyət peşəkar təhsilverənlərin – pedaqoqların üzərinə düşür. Məqsədimiz bu istiqamətdə fəaliyyətimizi genişləndirmək və ölkə miqyasında fərqlənən, effektiv tədris metodikası yaratmaqdan ibarətdir. Uğurlu təcrübələri ilə tanınmış dünya təhsil müəssisələrində olduğu kimi Kompleksimizdə də müasir effektiv idarəetmə sistemi qurulmuş, beynəlxalq təhsil ocaqları ilə müxtəlif layihələrin icrasına başlanılmışdır. Kompleksimiz 3 dəfə respublika birincisi olmuşdur.
Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin məzunlarının ali məktəblərə qəbul üzrə ümumi orta balı 2014/2015-ci tədris ili imtahanlarında 623, 2015/2016-cı tədris ilində 607, 2016/2017 -ci il tədris ilində isə 636 olmuşdur. 2016/2017-ci ildə qeyd olunan uğur respublikamızda bu günə qədər əldə olunmuş ən yüksək göstəricidir.