Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə təşkil etdiyi “Ən yaxşı yazı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə qurumun rəhbərləri, müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri, KİV nümayəndələri iştirak ediblər. Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyası arasında bağlanmış birgə əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq keçirilən müsabiqəyə 2016-cı il yanvarın 1-dən start verilib. Yazıların qəbulu üçün elan olunmuş 35 gün müddətində (yanvarın 1-dən fevralın 5-dək) təşkilat komitəsinə 121 yazı daxil olub. Yazılardan 21-i müsabiqənin şərtlərini məzmun və həcm baxımından ödəmədiyi üçün qiymətləndirilməyə buraxılmayıb. Şərtləri ödəyən 100 yazı isə 2 mərhələdə qiymətləndirilib. Birinci mərhələdə fənn müəllimlərindən ibarət qrup bal hesabı ilə dəyərləndirib. Nəticədə 28 yazı ikinci mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə yazılar münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Müsabiqənin yekunlarına görə 3 yazı I, 3 yazı II 5 yazı III, 17 yazı isə həvəsləndirici yerə layiq görülüb və qaliblərin adları açıqlanıb. Müsabiqədə ölkənin 31 şəhər və rayonundan təhsil işçiləri iştirak ediblər. İştirakçılar arasında ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərin təmsilçiləri var. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. Təltifetmə mərasimində “Ən yaxşı yazı” müsabiqəsində I yerin qalibi, Kompleksimizin kimya və biologiya müəllimi Gülnarə Dadaşova da iştirak etdi. Azərbaycan Dövlət Pedaqoji Kollecinin yeni təyin olunmuş direktoru Qulu Novruzov Gülarə müəlliməni və onun şəxsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb-Kompleksini təbrik etdi, xoş sözlərini çatdırdı. Mərasimdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, Təhsil Problemləri Institutunun direktor müavini Faiq Şahbazlı, “Azərbaycan Məktəbi” jurnalının baş redaktoru, əməkdar müəllim Nəcəf Nəcəfov və başqaları çıxış edərək qalibləri təbrik edib müsabiqənin əhəmiyyətini vurğulayıblar. Tədbirdə söz alan qaliblər belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hall hesab edib və təşkilat komitəsinə minnətdarlıqlarını bildiriblər.
Kateqoriya: Müəllim uğurları