ABŞ-ın dünyaca məşhur ali təhsil ocağı olan Miçiqan Dövlət Universitetinin professoru, ümumtəhsil məktəblərinin idarə edilməsi üzrə mütəxəssis Betsənn Smis Biləsuvar Təhsil Kompleksində qonaq olmuşdur.
Əvvəlcə Kompleksimizdə yaradılan şəraitlə tanış olan qonağa müəssisənin qurulması, inkişaf dövrü və əldə edilən nailiyyətlər haqda geniş məlumat verən icraçı direktor Behruz Mehdiyev daha sonra onu kitabxanamız, sinif otaqlarımız, yeməkxana və idman zalları ilə tanış etdi. Kompleksimizin təhsil şöbəsinin müdiri Orxan Ibayevlə də görüşən qonaq buradakı təhsil sistemi, dərs rejimi və dərslərin təşkili haqda ətraflı məlumat aldı. Daha sonra divar tərtibatları ilə tanış olan qonağımız ona maraqlı gələn məqamlar haqda fikirlərini bildirdi. Kompleksimizin foyesində sərgilənən Milli Qəhrəmanımız Mübariz İbrahimovun əzəmətli portretinə baxan qonağa qəhrəmanın həyatı və ölkəmizin ərazi bütövlüyünün qorunması naminə göstərdiyi rəşadət haqda məlumat verildi.
Ölkə başçısı cənab İlham Əliyevin Kompleksimizə səfərini əks etdirən fotoşəkillərə baxan qonaq təəssüratlarını bölüşdü. Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Behruz Mehdiyevlə görüşən qonaq öz fikir və təkliflərini bildirdi, maraqlı keçən məktəb turuna görə təşəkkür etdi.
Daha sonra Kompleksimizin inzibati və pedaqoji heyəti ilə görüşən qonaq heyətimizlə söhbət etdi, sualları cavablandırdı.
Sonda qonağa Kompleksimizin və Biləsuvarın inkişafını əks etdirən kitablar təqdim edildi, xatirə şəkli çəkdirildi.


Kateqoriya: Qonaqlarımız