Ölkə prezidentinin uğurla həyata keçirdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri regionların sosial – iqtisadi inkişafıdır. Azərbaycan Mərkəzi Bankı da bu siyasətin həyata keçirilməsinə öz missiyası çərçivəsində üzərinə düşən vəzifələrlə yanaşı, sosial layihələrin də həyata keçirilməsi ilə dəstək verir. Belə sosial layihələrdən biri uğurla fəaliyyət göstərən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey – Məktəb Kompleksidir. Bu kimi layihələrin davamı olaraq Mərkəzi Bankın birbaşa dəstəyi ilə Kompleksin nəzdində uşaq bağçası tikilərək istifadəyə verilmişdir.

Kompleksdə Mərkəzi Bankın nümayəndələri və Biləsuvar rayonunun rəhbərliyinin iştirakı ilə həm uşaq bağçasının fəaliyyətə başlaması, həm də yeni tədris ilinin başlanması münasibətilə “Bilik günü” tədbiri keçirilmişdir.
Tədbirin əvvəlində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin direktoru Vüqar Əhmədov və digər tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad etdilər. Daha sonra tədbir Milli Qəhrəman M.İbrahimov adına Kompleksin nəzdində yaradılmış uşaq bağçasında təşkil olunmuş yığıncaqla davam etdi.
Uşaq bağçasının rayonun təhsil həyatında xüsusi əhəmiyyətini qeyd edən Kompleksin icraçı direktoru Bəhruz Mehdiyev çıxış üçün ilk sözü Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin direktoru V.Əhmədova verdi. O, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən söz açaraq qeyd etdi ki, məktəb və uşaq bağçası möhtərəm Prezidentimizin dəstəyi ilə bölgələrdə aparılan sosial təşəbbüslərin tərkib hissəsidir.
V.Əhmədov Bağça-Məktəb-Lisey Kompleksinin bütün heyətinə uğurlar arzulayaraq bildirdi ki, 3-6 yaşlı uşaqların təlim tərbiyəsi üçün nəzərdə tutulan, 9 sinif və 9 yataq otağından ibarət olan bağçada 200 nəfər uşaq tədrisə cəlb edilə bilər. Hər qrupda 20-25 nəfər olmaqla 9 qrupun təhsili və təlim tərbiyəsi üçün bağçada müasir infrastruktur, təhlükəsiz sağlam qidalanmanı təmin edən mətbəx, idman zalı və musiqi zalı mövcuddur. Uşaqların asudə vaxtını maraqlı keçirmək üçün bağçanın həyətyanı sahəsində müxtəlif əyləncə vasitələri qurulmuşdur.
Daha sonra çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr haqqında məlumat verdi. O, şagirdləri və pedaqoji kollektivi “Bilik Günü” münasibətilə təbrik edərək onların yeni tədris ilində əzmkarlıqla çalışıb daha böyük nailliyətlər əldə edəcəyinə əminliyini bildirdi.
Bağça binasının gəzintisindən sonra tədbir Milli Qəhrəman M.İbrahimov adına məktəb-lisey Kompleksində davam etdi. Dövlət himninin oxunmasından sonra icraçı direktor B.Mehdiyev tədbir iştirakçılarını “Bilik günü” münasibətilə təbrik etdi. B.Mehdiyev Kompleksin 2014/2015-ci tədris ilində ali məktəblərə qəbul üzrə uğurlu nəticələr, qarşıya qoyulmuş məqsədlər haqqında iştirakçılara ətraflı məlumat verdi.
O qeyd etdi ki, 2014/2015-ci tədris ilində Liseydə 174 şagird təhsil almış, bunlardan 25 nəfəri məzun olmuşdur. Liseyin bu ilki məzunlarının hamısı ölkənin ən nüfuzlu ali məktəblərinə daxil olmuşlar. Bütün məzunlar dövlət sifarişi əsasında olan ixtisaslarda təhsillərini davam etdirəcəklər. Lisey məzunlarının TQDK imtahanlarında topladıqları orta bal 623 təşkil etmişdir ki, bu da ölkənin qabaqcıl dövlət və özəl tam orta təhsil müəssisələri arasında ən yüksək nəticələrdən biridir. Məzunlardan 8 nəfəri 650-dən çox, 21 nəfəri 600-dən çox bal toplamışdır. Ən yüksək nəticə isə 677 bal olmuşdur.
Tədbir məktəbin şagirdləri tərəfindən “Bilik Günü” bayramına həsr olunmuş müxtəlif rəqslər, şeirlər və mahnılardan ibarət bədii proqramla yekunlaşdı.


Kateqoriya: Qonaqlarımız