Valideynlər çox yaxşı bilir ki, məktəb onların övladlarına biliklər öyrədən bir məkandır. Əslində isə ailələr şagirdi məktəbə, məktəb isə onları həyata hazırlayır, onlara müxtəlif müsbət insanı vərdişlər aşılayır. Bütün bu vərdişləri vahid ad altında birləşdirsək “Etik və Estetik davranış normaları” adlandıra bilərik. İlk növbədə “Etika” anlayışına, daha doğrusu onun təməlini təşkil edən “əxlaq” anlayışına nəzər salaq. “Әxlaq” yaxşı (ya da doğru) və pis (ya da səhv) arasındakı fərqlərdən doğulan və istəklərimizə, düşüncələrimizə və hərəkətlərimizə təsir edən davranış hisslərinә verilən addır. Burada dərhal gözə dəyəcək ilk nöqtə “yaxşı”, “pis”, “doğru” və “səhv” tərifidir. Bu təriflər kimlər tərəfindən verilə bilir? Bu meyarları kim müəyyən edir? Bunu hələ də heç kim bilmir. Çünki bunlar son dərəcə nisbi anlayışlardır. İnsan cəmiyyətlərinin nəyi doğru, nəyi yalnış qəbul etməsi həmin cəmiyyətlərin öz ixtiyarındadır. Bir cəmiyyətdə hər hansı bir adət çox yaxşı qarşılanarkən, başqa bir cəmiyyətdə bu təhqir və ən yaxşı halda hörmətsizlik sayıla bilər. Bu vəziyyətdə nə yaxşıdır? Nə pisdir? Nə doğrudur? Nə yalnışdır? Bunları elmi və tərəfsiz olaraq bilməyimizin bir yolu yoxdur. Bu nöqtədə digər bir anlayış dövrəyə girir: Etika anlayışı. Bu, əxlaq fəlsəfəsinin digər adıdır və təməl olaraq nəyin yaxşı, nəyin pis, nəyin doğru, nəyin səhv, nələrin әxlaqlı, nələrin əxlaqsızlıq, nəyin ədalətli, nəyin günah olduğunu təyin etməyə çalışan fəlsəfə qoludur. Təbii ki, bu sahəni öyrənməkdə vətənimiz dünyadan geri qalmamışdır. Azərbaycan kimi tarixi çox zəngin, müxtəlif dinlərdən, irqlərdən, xalqlardan, milli azlıqlardan cürbəcür adət və ənənələri özündə cəmləşdirən bir ölkədə etik davranış normaları üçün konkret meyar müəyyən etmək bir qədər çətinlik törədə bilir. Məsələn, sırf “hörmət” anlayışına nəzər salsaq, dini nöqteyi-nəzərdən müsəlman olmaq xalqımıza ağsaqqala, böyüyə hörmət vərdişini qazandırdığı halda, qərb dünyasından bizə xanımlara hörmət, xanımlara yol vermək ənənəsi nüfuz etmişdir. Xalqımız türk köklü olduğu üçün türk adət və ənənələrini, müsəlman olduğu üçün İslam qayda-qanunlarını, 71 il Sovet İmperiyasının tərkibində olduğu üçün müxtəlif Sovet ənənələrini və son dönəmdə də ölkəmiz Avropaya inteqrasiya etdiyi üçün qərbdən qazanılmış adətləri kompleks şəkildə özündə cəmləşdirir. Bu da şagirdlərə etik normaların aşılanmasında ilk növbədə çaşqınlıq doğurur. Bildiyimiz kimi sovet məktəblərində din və türkçülüyün bizə qazandırdığı vərdişlər bir o qədər də vurğulanmırdı, məktəblərdə geniş şəkildə aşılanmırdı. O zamanlar şagirdlərin əxlaqi tərbiyəsində monotonluq movcud idi. Lakin, indi biz müstəqil dövlətin yeniyetmə və gənclərini sırf həmin idealarla tərbiyə edə bilmərik. Çünki, indi bizim dünyaya açılan qapılarımız var.
Bütün bu səbəbləri şüurlu şəkildə dərk edərək, Təhsil Kompleksimizdə şagirdlərə etik normaları aşılamaq cəhətdən sırf bir nöqteyi-nəzərdən, tək bucaqdan yanaşılmır. Burada şagirdlərə müxtəlif cəmiyyətlərin mədəniyyətlərindən ən müsbət nümunələr aşılanır. Şagirdlərimiz sırf region gənci kimi yetişərək təkcə regiona faydalı deyil, təkcə bu cəmiyyətə də deyil, bütün dünyaya fayda verə biləcək bir Azərbaycan gənci kimi yetişdirilir. Kompleksin idarə heyəti və müəllimləri ilə yanaşı, Beynəlxalq əlaqələr və Sosial proqramlar qrupu bu məsələdə öz işlərini görür. Məqsədimiz şagirdlərə müasirliyi, tolerantlığı, xalqlar və mədəniyyətlər arası dostluğu, dünyagörüşlü və mədəni olmağı aşılamaq olsa da, öz soy-kökünə, əcdadlarına bağlı gənc nəslin yetişməsindən də yan keçmir. Buna misal olaraq Kompleksimizdə əhəmiyyətli hesab olunub keçirilən tədbirləri göstərmək olar. Belə ki, heç bir tarixi gün diqqətdən kənarda qalmır. Bunun nəticəsində şagirdlər ulu əcdadları kimi, qəhrəmanlar kimi mərd, cəsur, iradəli, məğrur, mübariz gənclər kimi yetişirlər. Kompleksdə təşkil olunan tədbirlərlə yanaşı, tez-tez təşkil olunan ekskursiya və gəzintilər onlara aşılanan etik normaların cəmiyyət içində əyani şəkildə möhkəmlənməsinə yol açır. Və burada digər anlayış – “Estetika” anlayışı meydana çıxır. Estetika – hisslər haqqında elm deməkdir. Əvvəllər orta məktəblərdə estetik zövqün formalaşması üçün Ədəbiyyat fənni kifayət idi. Ədəbiyyat fənni hər zaman tərbiyə vasitəsi, gözəl danışmaq, gözəl yazmaq kimi keyfiyyətləri aşılamaq üçün mühüm fənn hesab olunub. Kompleksimizdə məktəbin gözəllyinin sirlərini öyrədən bir təlim məkanı olduğu unudulmur. Estetik tərbiyə yaradıcılığa ruhlandıran amildir, estetik zövq mənəvi gözəllikdir, estetik tərbiyə həm də tərbiyəsizliklə mübarizədir. Bütün bu müsbət amilləri aşılamaq üçün Kompleksimizdə ənənəvi tədris fənləri ilə yanaşı, müxtəlif dərnək, klub və layihələr fəaliyyət göstərir. Onların hər biri Kompleksin şəxsi heyəti ilə yanaşı şagirdlərin də təşəbbüsü ilə yaradılıb və fəaliyyət göstərir. Dərnəklərin içində biri – “Duyarlı gənclər” dərnəyi isə sırf etik-estetik davranış normaların təməlini təşkil edən müsbət və mənfi duyğuların analizi üzərində qurulub. Dərnək 7 və 8-ci sinif şagirdlərinə həftədə bir dərs keçirilməklə bütün qrup üçün nəzərdə tutulmuşdur. Missiya sosial cəhətdən aktiv və duyarlı fərdlər yetişdirməkdir. Dərnək fəaliyyəti ilk növbədə şagirdlərin şəxsi inkişafına, emosional zəkasının artmasına müsbət təsir göstərir. Onlara öz iç dünyalarını, daxili aləmlərini kəşf etmək üçün zəmin yaranır. Bundan başqa, ən əsası isə şagirdlərin bir fərd kimi düzgün yetişməsinə böyük dəstək olur. Seçilmiş mövzular sırf müsbət və mənfi insan duyğularıdır. Mənfi duyğuların insan qanında bir zəhər olduğu, bütün qeyri-etik və qeyri-estetik davranışların oradan qaynaqlandığını şagirdlərin yaddaşına həkk etmək dərnəyin başlıca işidir. Estetik tərbiyə əmr hissi ilə, dərhal, yaranmır. Gözəl nəticəni ancaq zərgərin qızıla naxış vurduğu, bəstəkarın musiqi bəstələməsi, ya da, xalçaçının xalça toxuduğu kimi incə-incə, səbrlə, diqqətlə, vaxt sərf etməklə əldə etmək olar. Məhz buna görə də dərnək hər qrupa sadəcə həftədə bir dərs keçirilməklə davam edir. Bundan daha çox dərs onun təsirini artırmaq yerinə tam əksinə azaldacaqdır. Və bu məqamda çox vacib bir məsələni unutmaq olmaz: İlk növbədə şagirdlərin sevgisini qazanmaq və onlara nümunə olmaq lazımdır. Bu zaman çox danışmağa gərək qalmayacaqdır. Şagirdlər hər zaman sevdikləri böyükləri özlərinə nümunə seçirlər və çox zaman onların davranışlarını təkrar edirlər.