Mayın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra Respublika Fənn Olimpiadalarına həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək və həmin şagirdlərlə məqsədyönlü işin aparılması məqsədilə hər tədris ilində fənn olimpiadaları keçirilir. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur. Nazir Respublika Fənn Olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayının artaraq, 27 500 nəfərə yüksəldiyini nəzərə çatdırıb. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etməsini müsbət hal kimi dəyərləndirən təhsil naziri ümumilikdə, 260 şagirdin qalib adına layiq görüldüyünü söylədi. Bütün bu uğurların qazanılmasında ümumi təhsil müssisələrində çalışan peşəkar müəllimlərin əməyini xüsusi olaraq qeyd edən nazir istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər arzuladı. Təhsil naziri şagirdləri, onların fənn müəllimlərini və valideynlərini təbrik etdi, daha parlaq nəticələrin əldə olunması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini vurğuladı. Tədbirdə məlumat verildi ki, 3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının I mərhələsində 27 500, ikinci mərhələsində 4 174, final mərhələsində isə 694 şagird iştirak edib. Texniki fənlər üzrə ( riyaziyyat, fizika, kimya, biologiya və informatika) 128, humanitar fənlər üzrə isə (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) 132 nəfər qalib adına layiq görülüb. Sevindirici haldır ki, builki Respublika Fənn Olimpiadalarının final mərhələsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 14 şagirdi çıxış edib, onlardan 7-i gümüş və bürünc medallara layiq görülüb. Bu, Respublikanın ümumtəhsil məktəbləri arasında ən yüksək göstəricilərdən biridir. Tədbirdə qalib məktəblilər qeyd etdi ki, belə yarışlar onları müxtəlif fənləri daha dərindən mənimsəməyə stimullaşdırır və məktəblilər arasında sağlam rəqabət mühiti yaradır. Qaliblərə Təhsil Nazirliyinin diplomlar və medalları, həmçinin qiymətli hədiyyələr təqdim olundu.


Kateqoriya: Olimpiadalar