Çağrışaqədərki hazırlıq fənninin tədrisi Azərbaycan xalqının və dövlətçiliyinin qorunması, onun ərazi bütövlüyünün təmin edilməsi üçün əsas qarant olan Silahlı Qüvvələrimizə sağlam, vətənpərvər ruhlu gənclər hazırlamaq zərurətindən irəli gəlir.Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət bəsləmək , hər an vətənin müdafiəsinə qalxmağa hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyətləri hesab olunur. Çağrışaqədərki hazırlıq fənninin tədrisi bu keyfiyyətlərin formalaşması üçün geniş imkanlar yaradır. Sülh dövründə hərbi xidmətin qüsursuz keçilməsini, müharibə zamanı isə döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən bir sıra sosial və intellektual keyfiyyətlərin formalaşdrılması, ilk növbədə cəsusluq, düşmənlə mübarizədə dözümlülük, qələbə naminə iradə və təmkinlik, mürəkkəb şəraitdə düzgün qərar qəbuletmə yüksək keyfiyyətlər hesab edilir. Bu keyfiyyətlərin yaranmasında Çağrışaqədərki hazırlıq fənninin rolu böyükdür.Çağrışaqədərki hazırlıq fənni  Azərbaycan Respublikasınin Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, “Təhsil haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin qərarlarına və digər normativ – hüquqi aktlara əsasən orta ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsində və digər təhsil müəssisələrinin buna bərabər mərhələlərində həyata keçirilir. Fənnin tədrisi məktəblərdə əyani tədris və texniki vasitələrlə təchiz edilmiş hərbi kabinetlərdə həyata keçirilir. Çağrışaqədərki hazırlıq fənninin məqsədi yeniyetmələri  Azərbaycan Respublikası Konstitusiyasının qanunları və hərbi xidmətə dair müddəalarla tanış etmək, onlara atəş hazırlığı, mülki müdafiə və tibbi hazırlıq üzrə ilkin bilik, bacarıq və vərdişlərin verilməsini təmin etməkdən ibarətdir.