Fiziki tərbiyənin əsas məqsədi şagirdlərin harmonik fiziki inkişafının, hərəki mədəniyyət və mənəvi – iradi xüsusiyyətlərinin formalaşdırılmasının təmin edilməsidir.
Fiziki tərbiyənin Dövlət standartları özündə aşağıdakı məzmun xəttləri əhatə edir:
- İnformasiya təminatı və nəzəri biliklər;
- Bacarıq və vərdişlər;
- Hərəki qabiliyyətlər;
- Mənəvi – iradi xüsusiyyətlərin formalaşdırılması.
Qeyd olunan məzmun xəttlərin təşkili aşağıdakıların həyata keçirilməsinə imkan yaradır:
- Şagirdlərin insan orqanizminin quruluşu, fiziki hərəkətlər, onların orqanizmin müxtəlif funksional sistemlərinə təsiri haqqında məlumatlara yiyələnməsinə;
- Ayrı –ayrı idman növlərinə aid olan hərəkətlərin icra üsullarını mənimsəmələrinə;
- Komandalı fəaliyyət zamanı şagirdlərdə ünsiyyət, əməkdaşlıq, birgə fəaliyyətdə tolerantlığın formalaşmasının həyata keçirilməsinə;
- Hərəkətlərdən sağlamlaşdırıcı və fiziki hazırlığı artırmaq məqsədi ilə istifadə bacarıqlarının formalaşdırılmasına.
Kompleksdə fiziki tərbiyə dərslərini ali təhsilli və təcrübəli müəllimlər tədris edir. Müəllimlər mütəmadi olaraq öz təcrübələrini artırmaq üçün müxtəlif təlimlərdə və treninqlərdə iştirak edirlər. Müəllimlər tərəfindən illik tədbirlər planı tərtib olunur və təsdiq olunur. Bütün şagirdlər idman forması ilə təmin olunmuşdur.
Dərslər geniş və işıqlı idman zalında keçirilir. İdman zalı müasir idman avadanlıqları və 180 nəfərlik tamaşaçı oturacaqları ilə təhciz olunmuşdur. İdman zalında basketbol, voleybol, həndbol meydançaları var. Bundan əlavə liseyin həyətində sadə idman qurğuları var. Liseydə müxtəlif idman növləri üzrə dərnəklər fəaliyyət göstərir. Burada şagirdlər müxtəlif idman oyunlarına xas olan bacarıq və vərdişlərə yiyələnirlər. Liseydə müəllimlər və şagirdlər arasında müxtəlif yarışlar təşkil olunur və keçirilir. Həmçinin şagirdlər rayon miqyasında təşkil olunan idman yarışlarında iştirak edir.