Kompleksdə fizika, kimya və biologiya laboratoriyaları fəaliyyət göstərir. Laboratoriyalar bu fənlərin tədrisini yüksək səviyyədə aparmaqda, praktik işləri yerinə yetirməkdə və şagirdlərin öyrəndikləri bilikləri tətbiq etməsində mühüm rol oynayır. Laboratoriyalarda zəruri olan bütün avadanlıq, cihaz, maket və digər resurslar mövcuddur. Bu da fənlərin tədrisini vizual elektron və praktik təcrübələr üzərində qurmağa imkan verir.
Kimya Laboratoriyası:
Kimya fənninin tədrisi isə hər bir müəllimin fərdi yaradıcılıq qabiliyyətindən asılı olaraq hər bir məzmun və alt standartlarını təlim nəticələrinə uyğun olaraq necə reallaşdırmasından asılıdır. Təhsil Kompleksində Kimya fənninin tədrisi zamanı şagirdlərimiz dərslərdə bütün zəruri kimyəvi təcrübələri aparırlar. Həmçinin mütəmadi olaraq kimya gecələri, kristalların yetişdirilməsi, neft və kimya sənayesi ilə bağlı layihələr, ekoloji layihələr kimi müxtəlif layihə işləri həyata keçirilir.
Təhsil Kompleksinin Kimya Laboratoriyasında mövcud olan imkanlar :
- Kimyəvi təcrübələri aparmaq üçün fasiləsiz su ilə təchiz olunmuş müasir laboratoriya masaları və oturacaqları;
- Nümayiş və digər əməliyyatlar üçün elektron lövhə və proyektor;
- Kimya fənnindən laboratoriya işlərinin aparılması üçün lazım olan bütün kimyəvi maddələr;
- Kimya təcrübələrinin rahat nümayişi üçün müasir sorucu şkaf ;
- Şagirdlərin kimyəvi təcrübə aparmaları üçün lazım olan bütün laboratoriya qablarının dəsti;
- Müxtəlif kimyəvi təcrübələri aparmaq üçün cihazlar (metalların aktivliyinin nümayişi cihazı, elektroliz üçün cihaz, turşuların sintezi, spirtin oksidləşməsi üçün cihazlar və s.);
- Kimya sənayesinin müxtəlif proseslərinin nümayişi üçün barelyeflər;
- Nümayişlər üçün bütün zəruri maddələr dəsti (mineral gübrələr, neft və neft məhsullar, kauçuklar, metallar və s.);
Fizika Laboratoriyası
Tədris yüklərinin azalmasının fənlərin tədrisinə verdiyi tələblər müasir dövrdə fizikadan laboratoriya-praktikum işlərinə yeni yanaşma tələb edir. Şagirdlərin vaxtdan səmərəli şəkildə istifadə etməsi, öyrəndikləri biliklərin tətbiqi və bu tətbiq zamanı qazanilan yeni biliklərə yiyələnməsi üçün Təhsil Kompleksimizdə laboratoriya-praktikum işlərinə geniş yer verir.
Fizika laboratoriyasında laboratoriya stolları, hər bir stol üçün cərəyan mənbələri və həmin avadanlıq üzərində ampermetr və voltmetr yerləşdirilmişdir. Bizim laboratoriyada mexaniki, istlik, elektrik, maqnit və optik hadisələrin öyrənilməsi üçün lazım olan bütün avadanlıq və resurslar mövcuddur . Laboratoriyamız komputer, proyektor və ağıllı lövhə ilə təchiz olunmuşdur.
Dərslərimizi demək olar ki, vüzual elektron təcrübələr və laboratoriya şəraitində praktik təcrübələr üzərində qururuq. Bu da, fizika fənninin öyrənilməsində şagirdlərimizin marağını daha da artırır. Laboratoriyada şagirdin çalışması, dərs məşğələlərində nəzəri materialların analizi və aktiv iştirak etməsi elmi fəaliyyətin əsasını təşkil edir. Şagird laboratoriya işlərinin yerinə yetirilməsində bir çox eksperimental məsələ həll edir. Bir tərəfdən şagird müstəqil olaraq fiziki hadisələri dərk edir, digər tərəfdən isə fizikadan laboratoriya işinin aparılması bacarıqlarına yiyələnir.
Fizikada laboratoriya-praktikum işlərinin aparılmasının əsas məqsədi, hər şeydən əvvəl nəzəriyyə və eksperimentin uzlaşması, düzgün nəticələrin çıxarılması, əsası qeyri-əsasdan ayırmaq, kəmiyyətləri təyin etmək və düzgün keyfiyyətli nəticələrə nail olmaqdır.
Biologiya Laboratoriyası
Biologiya laboratoriyası təlim prosesində istifadə olunacaq bütün anatomik plakatlar, maketlər, akvarium, eyni anda 32 şagirdin işləməsi üçün təcrübə avadanlıqları, ən müasir işıq mikroskopları, çox zəngin hazır mikroskopik preparatlar dəsti, bitki və heyvan orqanlarından hazırlanmış preparatlar, insan və müxtəlif canlıların skelet nümunələri, elektrik və qazpaylayıcı sistemlər, biologiya dərslərinin tədrisi üçün nəzərdə tutulan bütün kimyəvi maddələr və reagentlərin toplusu, proyektor, ağıllı lövhə və kompüterlə təchiz olunmuşdur.
Tədris ili boyunca şagirdlərin mikroskopik nümunələrdən istifadəsi, mikrobioloji kulturaların yaradılması və öyrənilməsi, təbii bioloji proseslərin-fotosintez, tənəffüs, buxarlanma, böyümə, maddələr mübadiləsinə aid olan təcrübələrin qoyulması və izlənilməsi təmin edilmişdir. Şagirdlərin “Qış bağı” , “Yaşıl dərman” layihələri təlim-tədris prosesinin genişləndirilməsinə, daha da canlandırılmasına müsbət təsir göstərmişdir. “Yaşıl dərman” layihəsi çərçivəsində şagirdlərin yerli bitkilərdən topladıqları nümunələrin tərkibi, müalicəvi xassələri araşdırılmışdır.
Canlılar- balıq, quş, qurbağa üzərində aparılmış təcrübələr, təbii heyvan ürəyi və onun iş prinsipi anatomik və fizioloji cəhətdən öyrənilməsi, qurbağanın reflekslərinin yoxlanması böyük marağa səbəb olmuşdur. Təbiətdən toplanmış onurğasızların kolleksiyası formalaşdırılmışdır.