Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Banklar Assosiyasiyasının rəhbəri Zakir Nuriyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində “Zəfər Günü” münasibətilə təşkil olunmuş tədbirdə iştirak etdilər. Şəhid ailələrinin, Milli Qəhrəman M.İbahimovun atası Ağakərim İbrahimovun, qazilərin, Mərkəzi Bank və Biləsuvar Rayon İcra Hakimiyyəti əməkdaşlarının da iştirak etdiyi tədbirdə qonaqlar Kompleksin nəzdindəki elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzi ilə tanış oldu, burada II Qarabağ müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə “Zəfər tarixi” adlı açıq dərs, “Dəmir Yumruq” şahmat turniri, həmçinin “110 kitab” layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsinə baxış keçirildi. Daha sonra Liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edildi. Şəhid ailələrinə ərzaq yardımları paylanıldı. Biləsuvar və Cəbrayıl rayonlarından olan şəhid ailələri ilə görüş keçirildi. Tədbirin bədii hissəsində Kompleks şagirdləri qonaqlar üçün hazırladıqları nömrələrlə çıxış etdilər.
Kateqoriya: boş , Xəbərlər , Kompleksdə Həyat , Tədbirlər , Qonaqlarımız