Novruz bayramı – elimizin ən qədim bayramı! Bu gün, günəşli bir yaz səhərində, Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksində şagirdlərin, müəllimlərin, valideynlərin və digər qonaqların iştirakı ilə açıq havada ənənəvi Novruz şənliyimiz baş tutdu. Şənlik Kompleksimizin qocaman müəllimi Akif Zeynalovun ürək sözləri ilə başladı. Akif müəllim hər kəsə bayram əhval-ruhiyyəli günlər arzu etdi, qonaqlara bütün xoş arzularının çin olmasını dilədi. Səhnəyə çıxan 7, 8 və 9-cular öz ifaları ilə qonaqlara xoş ovqat bəxş etdilər. Söz Mərkəzi Bankın Biləsuvar regional Mərkəzinin sədri Nəbi Rüstəmova verildi. Nəbi müəllim də öz növbəsində şagirdləri və müəllimləri təbrik etdi, onlara Novruz qədəmli xoş günlər arzu etdi. Milli geyimdə səhnəyə çıxan ibtidailərimizin çıxışı hər kəsin könlüncə oldu. Kosa və Keçəlin gözlənilmədən səhnəyə papaq atması və ənənə xalçasında oturan qızlarımızın bu papağı adət-ənənəyə uyğun doldurması, Kosa-Keçəlin məzəli dialoqları, qızların el adətlərimiz haqda söylədikləri maraqla qarşılandı. Səhnəyə çıxan 8-cilərimiz milli musiqilərimizin sədaları altında rəqs etdilər, ifaları ilə izləyicilərə sevinc bəxş etdilər. Novruz şənliyi duzlu-məzəli səhnəciklərsiz təsəvvür edilə bilərmi? Əlbəttə ki, yox. Beləliklə, 10 və 7-ci sinif şagirdlərinin təqdimatındakı “Görüm, televizorda nə gedir?” səhnəciyi ilə davam etdi. Əyləncəli monoloqlar gülüşlə qarşılandı. Tədbirin gedişi zamanı gözlənilmədən səmada peyda olan vertolyotlar hər kəsin marağına səbəb oldu. Kosa və keçəl yenə sakit durmadılar, onlar bizim oğlanların ifasını görmədən getməyəcəklərini bildirdilər və beləcə səhnəyə mahir rəqqaslarımız çıxdı. Onlar da şagirdlərimizin rəqsini ağzıaçıq izlədilər. Ənənə xalçasında oturan qızlarımız maraqlı bayatılarla Novruzun simvollarını sadaladılar, simvolların mənaları haqda qısa məlumatlar verdilər. Səhnə yenə bir milli rəqslə davam etdi. Bu səfər 7-cilərimiz gözəl bir suita rəqsi ifa etdilər. Rəqslər o qədər maraqla qarşılandı ki, qonaqlarımız bu anları öz mobil telefonları ilə əbədiləşdirmək üçün bir-birləri ilə yarışdılar. Kompleksimizin gülüş mənbəyi Sirtuş müəllim olmadan Novruz şənliyi təsəvvür edilə bilərmi? Əlbəttə, yox. Və budur, səhnədə Sirtuş Çölçəmənli. Sirtuşun toyları çox olur, gərgin iş qrafiki onu çox yorur. Hətta bizim Sirtuş o qədər yorulur ki, yuxusunda Kompleksimizi təhsil müəssisəsi kimi yox, tibb müəssisəsi kimi görür. Yuxusunda bütün müəllimləri həkim kimi görən Sirtuşun başında Kompleksimizdə olmazın oyunlar gəlir. Çox böyük maraqla qarşılanan “Kompleksimiz tibb müəssisəsi olarsa..” səhnəciyinin hər saniyəsi qonaqlarlara gülüş bəxş etdi. Şənliyin bu yerində söz Kompleksimizin icraçı direktoru Bəhruz Mehdiyevə verildi. Bəhruz müəllim mikrafonu alan kimi Sirtuşa təşəkkür etdi, bu istedadını gələcəkdə də inkişaf etdirməli olduğunu bildirdi. Bəhruz müəllim hər kəsi salamladıqdan sonra öz bayram təbriklərini çatdırdı, şagirdlərə dərslərdə uğurlar, yorulmazlıq və hədəflərinə doğru inamla irəliləməyi arzuladı. Daha sonra Kompleksin akademik və sosial həyatında fərqlənən şagirdlər təqdirnamələrlə təltif edildi. Mikrafonu əllərinə götürən kosa və keçəl sözü müəllimlərə verdi. Kompleksimizin direktor müavini Azər Cəfərli, dil-ədəbiyyat müəllimimiz Xəqani Şirməmmədov, riyaziyyat müəllimimiz Fərid Əliyev və kimya müəllimimiz Rəvan Məmmədov öz növbələrində hər kəsin bayramını təbrik etdilər, bahar təravətli günlər arzuladılar. Sonda Kosa və Keçəl ənənələrinə sadiq qalaraq şagirdlərimizlə birgə Kos-kosa milli rəqsimizi ifa etdilər. Novruz şənliyimiz Yallı rəqsi və digər rəqslər ifa olunaraq müsbət abu-hava ilə tamamlandı.


Kateqoriya: Tədbirlər