Sosial, əsasən də akademik fəaliyyətdə psixoloji fəaliyyətin oynadığı böyük rolu nəzərə alsaq qeyd edə bilərik ki, Kompleksimizdə bununla bağlı müxtəlif istiqamətlərdə işlər aparılır. Tədris ili müddətində psixoloji fəaliyyət ümumi olaraq psixoprofilaktika, psixodiaqnostika, psixokonsultasiya, psixokorreksiya, maarifləndirmə işi istiqamətlərində qurulur.
Ayrı-ayrı məktəblərdən, müxtəlif mühitlərdən çıxıb Kompleksə daxil olan şagirdlərin buranın nizam-intizam qaydalarına, psixoloji abu-havasına adaptasiyası, eləcə də yeni şagirdlərin bir-birinə adaptasiyası məqsədi ilə müəyyən seminarlar, ünsiyyət treninqləri və ya oyunlar(“Tanışlıq”,“Dairə boyu cümlə”, “Birlikdə addım”,“Kompliment de”,“Hörümçək toru”və s.) təşkil edilir.
Hazırda təhsil sistemində böyük diqqət yetirilən məsələlərdən biri şagirdlərin karyera planlaşdırması məsələsidir. Bu məsələ şagirdlərin peşə və ixtisaslara meyllərinin formalaşması, istiqamətləndirilməsi, peşənin düzgün seçilməsi, şəxsiyyətinin formalaşmasında vacib keyfiyyətlərdən biridir, şağırdlərin gələcək həyatlarında layiqli yerlərini tutmalarına xidmət edir. Bunun üçün müəssisəmizdə də peşəyönümü üzrə planlı işlər aparılır. Bu işlərin vacib mərhələsi 8 -9-cu sinifləri əhatə edir. Şagirdlərin müəyyən peşə sahələri üzrə seçimi onların maraqlarına və bacarıqlarına görə müəyyən edilir, çünki bu iki amilin vəhdəti çox vacibdir. Bununla bağlı “Avtoportret”,“Peşəkarın yerişi”,“Kim kimdir?” və s. kimi peşə oyunları, müxtəlif formalı diaqnostik testlər keçirilir.
Bu diaqnostik testlərlə həm də şagirdlərin temperament tipi, xarakterik xüsusiyyətləri müəyyən olunur. Çünki, hər bir şagird şəxsi xarakterik xüsusiyyətlərini daha yaxşı bilməli, buna əsasən peşə sahəsinə istiqamətlənməlidir. Əgər introvert (daxilə yönələn) və yaxud da empatik xüsusiyyətlərə malik olmayan bir şagird sosial istiqamətli peşə seçirsə,(məsələn, sosioloq, diplomat, psixoloq və s.) əlbəttə ki, bu sahədə o, uğur qazana bilməyəcək.
Eyni zamanda müəyyən peşələrlə bağlı rollu oyunlar da təşkil edilir. Şagirdlər həkim, müəllim, jurnalist, diplomat, bağban və s. rollarını ifa edirlər ki, bu zaman şagirdlərin ifa etdikləri rolun onların xarakterinə nə dərəcədə uyğun gəlib-gəlməməsi müəyyənləşdirilir.
Şagirdin akademik fəaliyyətindəki zəifliyi, təlimdə geriləməsinin əsas səbəblərindən biri onun idraki proselərinin zəifliyi, motivasiyasının olmaması , övladına valideyn dəstəyinin olmaması, şagirddə özünəgüvənin aşağı olması və sairədir. Bütün bu hallar tədris ili müddətində izlənilir, bununla bağlı şagirdlərlə qrupşəkilli, eləcə də fərdi olaraq profilaktik, korreksiyon işlər görülür. Lazımi məqamlarda paralel sinif rəhbəri də bu işə cəlb olunaraq valideynlə aparacağı söhbətlə bağlı , psixoloji mövzuda maarifləndirilir.
Diqqət oyunları, görmə və eşitmə hafizəsi ilə bağlı oyunlar və bunlara müvafiq testlər, eləcə də əqli inkişafetdirici-təfəkkür testlərinin bu sahədə verdiyi səmərə böyükdür.
Kompleksimizin şagirdlərinin intellektual yarışlardakı, akademik fəaliyyətdəki uğurları göz önündədir. Bunu əsas tutaraq il ərzində bütün siniflər üzrə əqli inkişafetdirici, intellektual testlər, siniflərarası yarışlar keçirilərək şagirdlərin gizli intellektual imkanlarının, yaradıcılıq xüsusiyyətlərinin aşkara çıxarılmasına çalışılır.
Psixoloji fəaliyyətin ən mühüm tərəflərindən biri də şagirdlərdlə (lazımi məqamlarda digər lisey heyəti və valideynlərlə) fərdi söhbətlərin təşkilidir. Psixoloji durumunda müəyyən çətinliklərlə(diqqətsizlik, özünəgüvənin aşağı olması, təlimdə geriqalma, valideyn-şagird münasibəti və s.) qarşılaşdıqda şagird psixoloq dəstəyi alır. Belə fərdi konsultasiyalar zamanı şagirdin ümumi problemləri aydınlaşdırılaraq onunla aparılacaq iş, söhbət planlaşdırılır, münasib yolları müəyyənləşdirilir, lazım olarsa, PSR bu işə cəlb olunur, şagirdin valideyni ilə maarifləndirici söhbət, konsultasiya təşkil edilir(əlbəttə, şagirdin istəyi ilə).
Psixoloji fəaliyyətin tərkib hissələrindən biri də müəllimlərin pedaqoji fəaliyyəti zamanı onların psixoloji durumunun izlənilməsidir. Bununla bağlı tədris ili müddətində dərslərin müşahidəsi aparılır. Müəllimlərin dərsdə psixoloji durumunun, əhvalının, xarakterik xüsusiyyətlərinin şagirdlərə irradiasiya olunması, onların qavramasına necə təsir göstərməsi burda əsas məqsəd olaraq götürülür. Bu müşahidələr zamanı həm də şagirdlərin akademik fəaliyyəti də izlənilr.