Kompleksdə şagirdlərlə iş müasir təhsilin tələblərinə uyğun qurulmuşdur. Tədris prosesində fəal təlim üsullarından, pedaqoji innovasiyalardan istifadə olunur, İKT texnologiyaları tətbiq edilir. Liseydə şagird dərs prosesində hazır biliyi qəbul edən yox, axtaran, araşdırandır. Tədrisin “qızıl qayda” sı olan əyanilik burada sözdə deyil, işdə həyata keçirilir. Şagirdlərlə iş yalnız tədrislə məhdudlaşmır. Belə ki, şagirdlər bir sıra sosial layihələrə, dərnək və klublara da cəlb edilir ki, bu da şagirdlərin bir vətəndaş kimi formalaşmasına, dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərir. Burada şagirdlərə müxtəlif cəmiyyətlərin mədəniyyətlərindən ən müsbət nümunələr aşılanır. Şagirdlərimiz sırf region gənci kimi yetişərək təkcə regiona faydalı deyil, təkcə bu cəmiyyətə də deyil, bütün dünyaya fayda verə biləcək bir Azərbaycan gənci kimi yetişdirilir. Kompleksin idarə heyəti və müəllimləri ilə yanaşı, Beynəlxalq əlaqələr və Sosial proqramlar qrupu bu məsələdə öz işlərini görür. Məqsədimiz şagirdlərə müasirliyi, tolerantlığı, xalqlar və mədəniyyətlər arası dostluğu, dünyagörüşlü və mədəni olmağı aşılamaq olsa da, öz soy-kökünə, əcdadlarına bağlı gənc nəslin yetişməsindən də yan keçmir. Buna misal olaraq Kompleksimizdə əhəmiyyətli hesab olunub keçirilən tədbirləri göstərmək olar. Belə ki, heç bir tarixi gün diqqətdən kənarda qalmır. Bunun nəticəsində şagirdlər ulu əcdadları kimi, qəhrəmanlar kimi mərd, cəsur, iradəli, məğrur, mübariz gənclər kimi yetişirlər. Kompleksdə təşkil olunan tədbirlərlə yanaşı, tez-tez təşkil olunan ekskursiya və gəzintilər onlara aşılanan etik normaların cəmiyyət içində əyani şəkildə möhkəmlənməsinə yol açır.