Mükəmməl bir şəxsiyyət kimi yetişmək üçün istənilən bir peşə sahəsində nailiyyətlər əldə etmək təkcə akademik yöndə bilikli, savadlı olmaq, bir neçə fənni mükəmməl şəkildə bilmək şərt deyil. Yəni, təkcə İntellekt Əmsalın yüksək olması (İntelligence Quotient – İQ) kifayət deyil. Nailiyyətlər əldə etmək üçün, uğurlu bir peşəkar olmaq üçün, liderlik bacarıqlarına yiyələnmək üçün, şagirdlərdə Emosional zəka səviyyəsini də yüksəltmək (Emotional intelligence – EI), onların dünyagörüşünün artmasına şərait yaratmaq, onlara özünü sərbəst şəkildə ifadə etmək bacarıqları aşılamaq, cəmiyyətdəki insanlarla yaxşı ünsiyyət qurmaq vərdişlərinə yiyələnmək üçün yol göstərmək vacibdir. Duyqusal zəkanın yüksək olması insana ruhdan düşməməyi, bir işi bacarana qədər dəfələrlə sınamağı, məqsədli olmağı, məsuliyyətli olmağı aşılayır. Dövr müasirləşdikcə, təhsilli insanların sayı çoxaldıqca və rəqabət mühiti yarandıqca bütün bunlar daha da zəruriləşir.
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi fəaliyyətə başladığı ilk gündən bəri şagirdləri akademik yöndə inkişaf etdirməklə yanaşı eyni zamanda onlara sosial bacarıqlar da aşılamağa davam edir. Məqsəd yuxarıda sadalanan müsbət keyfiyyətləri yeni nəslə aşılamaq və onlarda bunu inkişaf etdirməkdir. 2017-2018-ci tədris ili üzrə Sosial Proqramlar və Tyutor fəaliyyəti qrupunun tərtib etdiyi illik tədbirlər planına əsasən sentyabr-iyun ayları ərzində kompleksdə bır sıra tədbirlər: yarışlar, ekskursiyalar, müsabiqələr keçirilməsi planlaşdırılıb. Plana əsasən, müxtəlif əlamətdar günlər, bayramlar, matəm və repressiya günlərinə həsr olunmuş silsilə tədbirlər təşkil olunmağa davam edir. Tədbirlərin təşkili zamanı şagirdlərin natiqlik, şeir, mahnı, musiqi alətində ifa, rəqs, əl işləri və sairə kimi bacarıqları kəşf olunur, onlara istiqamət verilir və ya onlara yeni bacarıqlar aşılanır. Beləliklə, şagirdlərə özünə, öz bacarıqlarına inanaraq, kütlə qarşısında sərbəst çıxış etmək imkanı verilir. Eyni zamanda onlara vətənpərvərlik hislərinin aşılanması da ən böyük məqsədlərdən biridir. Həmçinin, şagirdlərdə ictimai davranış qaydaları, nəzakət qaydaları, etik davranış normalarına əməl etmək bacarıqları da möhkəmlənir. Bütün bu sadalanan müsbət keyfiyyətlər akademik nəticə ilə birləşdikdə cəmiyyət üçün faydalı, mükəmməl bir şəxsiyyət yetişməsi üçün güclü zəmin yaranır