Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksi 18 oktyabr 2010-cu ildə fəaliyyətə başlamışdır. Ötən illər ərzində daima öz fəaliyyətində şagirdlərə milli və bəşəri dəyərləri aşılamaq, hər bir şagirdin şəxsiyyətini və yaradıcı potensialını önə çəkmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək, liderlik keyfiyyətlərini təlqin etmək və s. kimi dəyərləri əsas götürür. Biz inanırıq ki, bütün bu sadalananları ancaq keyfiyyətli təhsillə əldə etmək mümkündür.
Keyfiyyətli təhsil insanlara müasir texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi keçirmək, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək kimi imkanlar verir. Buna görə də, insan kapitalının inkişafı iqtisadiyyatın diversifikasiyası prosesində ən mühüm şərtlərdən olub, ölkəmizin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Son illərdə keçirilən uğurlu təhsil islahatları nəticəsində ölkəmizin keyfiyyətli təhsil və elmə olan yeni vizyonu formalaşmış və keyfiyyətli təhsilə yiyələnmə istiqamətində indikatorlar müəyyən edilmişdir. Yalnız savadlı gənclər ölkəni irəli apara və düzgün qərarlar verə bilərlər. Ona görə də Azərbaycan təhsilə investisiya yatırmaqla aparıcı, elmə töhfələr verən bir ölkəyə çevrilir. Bu baxımdan, Kompleksimizdə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanmaqla şəxsiyyətin əqli, mənəvi, fiziki və estetik inkişafına, onun bacarıq, qabiliyyət və istedadının formalaşdırılmasına xidmət edir.
Kompleksdə şagirdlər üçün durmadan yeni imkanlar yaradılır. Artıq praktiki ingilis dili bacarıqlarının formalaşdırılmasını hədəfləyən ingilis dilinin səviyyələr üzrə tədrisi həyata keçirilir, şagirdlərin maraqlarına uyğun yenilənən və ən müxtəlif sahələri əhatə edən klub və dərnəklər öz fəaliyyətlərini artan templə davam etdirirlər.
Şagirdlərimizin Respublika fənn olimpiadalarında yüksək yerlər tutması, Respublikanın ali təhsil müəssisələrinə qəbul zamanı yüksək ballar toplaması bizim “Respublikanın ən qabaqcıl 10 ümumtəhsil məktəbi “ sırasına yüksəlməmizlə nəticələnib.
Qeyd etdiyimiz kimi, ölkəmizin sabahı bu günkü nəslin yüksək bilik, savad almasından asılıdır. Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində insan kapitalının müstəsna rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı buna nail olmağın yeganə rolunu XXI əsrin tələblərinə cavab verən yüksək səviyyəli təhsildə görür. Bu isə hamımızın, ilk növbədə müəllimlərin, ümumən təhsil işçilərinin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyəti təkcə Kompleksimizin şagirdlərinin inkişafını təmin etməkdə yox, həm də mənsub olduğumuz Azərbaycan təhsil sisteminin inkişafında görürük. Əminik ki, müəllimlərimiz bu çətin, lakin şərəfli işin öhdəsindən layiqincə gələcəkdir. Bizlər nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz şagirdlərə nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz də bir o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir.
Bu gün tərəqqi və modernləşmə yolu ilə inamla irəliləyən Azərbaycanımıza mükəmməl peşəkarlıq keyfiyyətlərinə malik, hadisə və prosesləri yaradıcı təfəkkürlə dərk edən, biliklərini qeyri-standart vəziyyətlərdə tətbiq etməyi bacaran, dinamik idarəetmə və müasir texnologiyalardan istifadəetmə vərdişlərini mənimsəyən, yüksək kompetensiyalara yiyələnən, eyni zamanda, milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin daşıyıcıları olan, vətənpərvər mütəxəssislər lazımdır.
Təhsil sahəsinin bütün səviyyələrdən olan müəssisə və qurumlarının fəaliyyəti, aparılan islahatlar məhz bu ali vəzifənin gerçəkləşdirilməsini hədəfə almalıdır. Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən – bütövlükdə hamımızdan birbaşa asılıdır. Əminliklə deyə bilərəm ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksi özünün zəngin ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq apardığı işlərlə daha da inkişaf edərək ölkə və dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır, ölkəmizin təhsilinin inkişafına layiqli töhfələr verəcəkdir.