Təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla onun siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir. Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur.
Kompleksimizin təhsil sistemi müasir standartlara uyğun şəkildə sistemləşdirilmişdir. Belə ki, sinif otaqları promethan lövhələr və komputerlə təchiz olunmuşdur. Bununla da hər bir şagird tədris müddətində bu cihazlardan istifadə edərək öz biliyini nümayiş etdirir. Şagirdlərin bilik səviyyəsini yoxlamaq məqsədilə müxtəlif intellektual oyunlar təşkil olunur. Tədris ili müddətində hər yarım ilə qədər 3 Kiçik Summativ Qiymətləndirmə və yarım illikdə isə Böyük Summativ Qiymətləndirmə keçirilir. İmtahanlar mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Kompleksimizdə xüsusilə xarici dil tədrisinə diqqət yetirilir. Əsas dil olaraq ingilis dili və şagirdlərin istəyini nəzərə alaraq fransız və ya rus dilinin mükəmməl öyrədilməsi qarşıya qoyulan məqsədlərdən biridir. Dərs zamanı müxtəlif audio və video materiallarından istifadə olunur. Şagirdlərimiz 9-cu sinifə çatdıqda isə onların gələcəkdə hər hansı bir peşəyə düzgün istiqamətləndirilməsi üçün psixoloji testlər keçirilir. Testlərin cavabları və xüsusilə valideynlərin, müəllimlərin və şagirdin istəyini nəzərə alaraq, onların seçdiyi ixtisaslar üzrə istiqamətləndirilirlər.
Düzgün qurulan təhsil sistemi və müəllimlərimizin əməyinin nəticəsidir ki, 3 il qəbul nəticələrinə əsasən respublika birincisi olmuşuq. Şagirdlərimizin uğurları bizim uğurumuzdur. Onların yüksək səviyyədə təhsil alması və uğurlu gələcəklərinin olması üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik.