Kompleksimizin XI sinif şagirdi Zəka Cəfərli FLEX (Gələcək Liderlərin Mübadiləsi) Proqramının builki qalibi elan olunub. Bununla da sevimli şagirdimiz Zəka K-12 ümumtəhsil sisteminə uyğun olaraq növbəti tədris ilində 12-ci sinfi ABŞ-da oxuyacaq.
Zəka, səni təbrik edir, ABŞ-dakı təhsil həyatında uğurlar arzu edirik. Həmçinin, şagirdimizin bu uğurunda müstəxna rolu olan müəllimləri, xüsusilə də ingilis dili kafedrasını təbrik edirik.

FLEX Proqramı haqqında:

FLEX proqramı yuxarı sinif şagirdləri üçün ilk uzunmüddətli geniş proqramdır. Bu proqram Postsovet ölkələrinin xalqlarına Amerika xalqının dostluq əlini uzatmaq məqsədi ilə ABŞ Konqresi tərəfindən təsdiq edilmiş və yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla ilk geniş miqyaslı mübadilə proqramı kimi yaradılmışdır.

Mövcud olduğu 24 il ərzində FLEX proqramı 24.000 nəfərdən artıq yuxarı sinif şagirdlərinə təqaüd təqdim etmışdir. 900 nəfərdən çox Azərbaycan şagirdi bu proqram vasitəsilə ABŞ-da təhsil almışdır.Təqaüd əldə edən hər bir şagird bir il müddətində ABŞ-da ailədə yaşayacaq və orta məktəblərinin birində təhsil alacaqdır. Məktəblilər üçün olan bu proqram ABŞ höküməti tərəfindən maliyyələşdirilir, təşkilati dəstək isə ABŞ dövlət departamentinin Təhsil və Mədəniyyət proqramları şöbəsi tərəfindən həyata keçirilir.


Kateqoriya: Nailiyyətlərimiz , Beynəlxalq uğurlarımız